Böyüklərdə təşviş

Sağlamlıq təşvişi (hipoxondriya): analizlər normaldır, amma qorxu keçmir

Qorqud SüleymanovPsixoloq-psixoterapevt 2 dəqiqəlik oxu

Başınız ağrıyanda ağlınıza ilk gələn ciddi bir xəstəlik olur, ürəyiniz bir az sürətli döyünəndə infarkt qorxusu başlayır. Həkimə gedirsiniz, analizlər normal çıxır. Bir neçə gün rahatlaşırsınız, sonra narahatlıq yenidən qayıdır. Yeni müayinələr, yeni analizlər, internetdə saatlarla əlamət axtarışı… Bu dövr sizə tanışdırsa, bu yazı sizin üçündür.

Sağlamlıq təşvişi nədir?

Sağlamlıq təşvişi (hipoxondriya və ya hipokondriazis) insanın ciddi bir xəstəliyi olduğuna və ya olacağına dair davamlı, təkrarlanan və güclü narahatlıq yaşaması ilə xarakterizə olunan psixoloji vəziyyətdir. Belə insanlar bədənlərindəki adi hissləri xəstəlik əlaməti kimi yozur.

Bu vəziyyət nə «uydurma», nə də iradə zəifliyidir. İnsan həqiqətən narahatlıq yaşayır və bu narahatlıq gündəlik həyat keyfiyyətinə, psixoloji vəziyyətə mənfi təsir göstərə bilər.

Əlamətlər: həddindən artıq yoxlama və ya həkimdən qaçma

  • tez-tez həkim müayinəsinə getmək, təkrar-təkrar analiz vermək;
  • bədənin müxtəlif nahiyələrində ağrı və ya problem olduğunu düşünmək və bunu daim izləmək;
  • analizlərin nəticəsi normal olsa belə rahatlığın qısa sürməsi;
  • yaxud əksinə, «pis xəbər» eşitmək qorxusundan həkimə getməkdən tamamilə qaçmaq.

Zamanla bu dövr ciddi narahatlıq yaradır və həm iş həyatına, həm də ailə münasibətlərinə təsir göstərir.

Niyə normal analizlər narahatlığı aradan qaldırmır?

Çünki çətinlik analizlərdə deyil, narahatlığın özündədir. Sağlamlıq təşvişi adətən təşviş (anksiyete) ilə əlaqəlidir: normal nəticə bir müddət rahatlıq versə də, yeni bir bədən hissi narahatlığı yenidən başladır. Buna görə yalnız yeni müayinə və analizlərlə narahatlığı həll etməyə çalışmaq çox vaxt nəticə vermir.

Koqnitiv-davranış terapiyası necə kömək edir?

Sağlamlıq təşvişində əsas psixoterapevtik yanaşma koqnitiv-davranış terapiyasıdır (KDT). KDT-də bədən hisslərinin necə yozulduğu, narahatlığı artıran düşüncələr və onları müşayiət edən davranışlar üzərində birlikdə işlənir. Məqsəd narahatlığı idarə etməyi öyrənmək və gündəlik həyatın axarına qayıtmaqdır.

Bəzi hallarda, həkimin qərarı ilə, psixoterapiya dərman dəstəyi ilə birlikdə aparılır. Vəziyyətin erkən fərq edilməsi və vaxtında dəstək alınması isə xüsusilə önəmlidir.

Nə vaxt mütəxəssisə müraciət etmək lazımdır?

Özünüzə bu sualları verin:

  • Xəstəlik qorxusu uzun müddətdir davam edirmi?
  • Normal analiz nəticələrinə baxmayaraq narahatlığım keçmirmi?
  • Həkim müayinələri və analizlər həyatımın mühüm hissəsinə çevrilibmi?
  • Bu narahatlıq işimə və ailə münasibətlərimə mane olurmu?

Bu suallara «bəli» cavabı verirsinizsə, mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur.

Vacib qeyd: bədəninizdə yeni və ya davam edən əlamətlər varsa, ilk addım həmişə həkim müayinəsidir. Psixoloji dəstək tibbi müayinəni əvəz etmir, onu tamamlayır.

Əlaqəli xidmət

Müəllif

Qorqud Süleymanov

Psixoloq-psixoterapevt · Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi

Uşaq inkişafının qiymətləndirilməsi, neyroinkişaf çətinlikləri olan uşaqlar və ailələri ilə iş, böyüklərdə təşvişlə bağlı çətinliklərdə koqnitiv-davranış terapiyası.

Haqqımda

Saytdakı məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır və fərdi psixoloji qiymətləndirməni, tibbi diaqnozu və ya müalicəni əvəz etmir.

Oxuduqlarınız sizin vəziyyətinizə uyğun gəlir?

Yazılar ümumi məlumat verir. Fərdi vəziyyətinizi görüşdə birlikdə dəyərləndirək.

Qəbula yazılın

və ya zəng edin:

Qeydiyyat