Xidmətlər

Psixoloji xidmətlər

Hər xidmət ilkin qiymətləndirmə ilə başlayır. Aşağıdakı siyahı əsas istiqamətləri göstərir; sizin və ya övladınız üçün hansı formatın uyğun olduğunu ilk görüşdə birlikdə müəyyənləşdiririk.

Böyüklər üçün fərdi psixoterapiya (KDT)

Davamlı narahatlıq, panik atak, sağlamlıq təşvişi və stress kimi çətinliklərdə koqnitiv-davranış terapiyasına əsaslanan fərdi seanslar.

Məqsəd narahatlığı artıran düşüncə və davranış dövrlərini tanımaq və onları addım-addım dəyişməyi öyrənməkdir.

Kimlər üçün
Davamlı təşviş, panik atak, sağlamlıq təşvişi və stress yaşayan böyüklər.
Necə keçir
İlkin qiymətləndirmə, birlikdə məqsəd qoyulması, strukturlu seanslar və seanslar arasında gündəlik həyatda tətbiq olunan praktik tapşırıqlar.

Uşaq inkişafının qiymətləndirilməsi (0–6 yaş)

0–6 yaş üçün hazırlanmış inkişaf skrininq testləri ilə uşağın yaşına uyğun inkişaf mərhələlərini tamamlayıb-tamamlamadığı dəyərləndirilir.

Qiymətləndirmədə nitq, sosial ünsiyyət, idrak və hərəkət bacarıqlarına baxılır. Nəticələr valideynə sadə dillə izah olunur və lazım olduqda növbəti addımlar tövsiyə edilir: fərdi dəstək proqramı, həkim müayinəsi və ya loqoped qiymətləndirməsi.

Kimlər üçün
Nitqi gecikən, adına reaksiyası zəif, göz təması az olan uşaqlar, eləcə də övladının inkişafını sadəcə yoxlatmaq istəyən ailələr.

Skrininq diaqnoz deyil. O, risk olub-olmadığını və daha ətraflı qiymətləndirməyə ehtiyacı göstərir.

Zəka və idrak qiymətləndirməsi: WÇZÖ-IV (6–16 yaş)

WÇZÖ-IV — Wechsler Uşaqlar üçün Zəka Şkalasının (WISC-IV) Türkiyə adaptasiyası — 6 yaş 0 aydan 16 yaş 11 aya qədər uşaqların idrak bacarıqları haqqında məlumat verən klinik ölçmə vasitəsidir.

Nəticə tək bir rəqəmdən ibarət deyil: uşağın güclü tərəfləri və dəstəyə ehtiyac duyduğu sahələr ayrı-ayrılıqda görünür. Bu məlumat öyrənmə çətinliyinin səbəblərini anlamağa və təhsil dəstəyini planlaşdırmağa kömək edir.

Kimlər üçün
Məktəbdə öyrənmə çətinliyi yaşayan, diqqəti və ya öyrənmə sürəti ilə bağlı sual yaranan uşaqlar.
Necə keçir
Test uşaqla fərdi qaydada, əyani tətbiq olunur. Nəticələr valideynə izah edilir.

Dinləmə qiymətləndirməsi: Tomatis Listening Test

Eşitmə testi normal olsa belə, uşaq çağırışa gec reaksiya verə, deyilənləri tez unuda və ya dərsdə diqqətini saxlaya bilməyə bilər. Belə hallarda dinləmə bacarığının qiymətləndirilməsi vəziyyəti daha yaxşı anlamağa kömək edə bilər.

Testdə sağ və sol qulaq ayrı-ayrılıqda yoxlanılır, nəticələr qrafik şəklində təqdim olunur.

Kimlər üçün
Uşaqlar, şagirdlər və tələbələr.

Tomatis Listening Test diaqnostik test deyil: diqqət əskikliyi və hiperaktivlik pozuntusu və ya öyrənmə pozuntusu kimi diaqnozlar qoymur. Nəticələr digər qiymətləndirmələrlə birlikdə dəyərləndirilir.

Autizm spektr pozuntusunda fərdi təlim planı və ailə dəstəyi

Autizm spektr pozuntusu hər uşaqda fərqli dərəcədə və fərqli xüsusiyyətlərlə özünü göstərir. Buna görə təlim planı uşağın yaşına, əlamətlərinə və ehtiyaclarına görə fərdi hazırlanır.

Planın əsas hədəflərindən biri diqqətin cəmlənməsi və davamlılığıdır, çünki öyrənmə diqqət tələb edən prosesdir. Valideynlər və uşağa ən yaxın insanlar da təlimə cəlb olunur ki, qazanılan bacarıqlar gündəlik həyatda davam etdirilsin.

  • Bacarıq səviyyəsinin qiymətləndirilməsi
  • Fərdi plan və uyğun vəsaitlərin seçilməsi
  • Valideyn təlimi
  • Ehtiyac olduqda PECS ilə funksional ünsiyyət
  • Psixiatr, nevroloq və loqopedlə əlaqəli iş

Dərman müalicəsinə ehtiyac olub-olmaması barədə qərarı psixiatr və ya nevroloq verir.

Diqqət əskikliyi, hiperaktivlik və öyrənmə çətinliklərində dəstək

Uşaq sinifdə yerində otura bilmirsə, əşyalarını tez-tez itirirsə, oxuda, yazıda və hesablamada çətinlik çəkirsə, bu, tənbəllik və ya tərbiyəsizlik olmaya bilər.

Qiymətləndirmədən sonra uşaq üçün strukturlu dəstək planı hazırlanır, valideyn və müəllimə praktik tövsiyələr verilir.

Diqqət əskikliyi və hiperaktivlik pozuntusu şübhəsi olduqda diaqnozu psixiatr təsdiqləyir. Simptomların şiddətindən asılı olaraq bəzən yalnız psixoterapiya, bəzən isə həkimin təyin etdiyi dərman müalicəsi ilə birgə psixoterapiya tövsiyə olunur.

Sensor (duyğu) və hərəkət yönümlü seanslar

Bəzi uşaqlar səsə, işığa və toxunmaya həddindən artıq həssas olur, tarazlıqda çətinlik çəkir və ya daim hərəkət axtarır.

Belə hallarda oyun formasında, fiziki aktivlik tələb edən tapşırıqlardan istifadə olunur: tarazlıq və maneə məşqləri, top oyunları, toxunma hissinə yönəlmiş fəaliyyətlər (məsələn, gil ilə iş). Məqsəd uşağın bədənini daha yaxşı hiss etməsini, diqqətini cəmləməsini və ətrafdakı hərəkətə reaksiya verməsini dəstəkləməkdir.

Seanslarda istifadə olunan gil gigiyenik və yeyilə bilən materialdandır.

Uşaq hərəkət seansında qarın üstə uzanaraq hərəkət lövhəsi ilə irəliləyir
Uşaq mütəxəssisin yanında tarazlıq diski üzərində dayanır

Tomatis dinləmə proqramı (tamamlayıcı)

Tomatis metodu xüsusi işlənmiş musiqi və səs materialının qulaqlıq vasitəsilə dinlənilməsinə əsaslanan proqramdır. Dinləmə qiymətləndirməsindən sonra fərdi proqram kimi təklif oluna bilər.

Metodun effektivliyinə dair elmi sübutlar hələ məhduddur. Buna görə Tomatis proqramı əsas terapiya və təlimləri əvəz etmir, yalnız onları tamamlayan vasitə kimi nəzərdən keçirilir.

Valideynlər üçün psixoloji məsləhət

Uşağın istədiyini ağlayaraq almağa çalışması, bağçaya uyğunlaşa bilməməsi, yemək seçiciliyi, ekrana bağlılıq, bacı-qardaş arasında münaqişələr valideynlərin ən çox qarşılaşdığı suallardır.

Görüşdə vəziyyət uşağın yaşı və xüsusiyyətləri nəzərə alınmaqla dəyərləndirilir. Evdə tətbiq oluna bilən ardıcıl və elmi əsaslı addımlar birlikdə planlaşdırılır.

Bəzi davranış çətinliklərində davranış proqramına başlamazdan əvvəl nevroloji müayinə tövsiyə oluna bilər.

Onlayn seanslar

Azərbaycandan kənarda yaşayan və ya mərkəzə gəlmək imkanı olmayan müraciətçilər üçün onlayn görüşlər mümkündür.

Böyüklər üçün psixoterapiya və valideyn məsləhəti onlayn aparıla bilər. Standart testlər (məsələn, WÇZÖ-IV) isə əyani tətbiq tələb edir. Görüş vaxtı saat fərqi nəzərə alınaraq təyin olunur.

Epifiz Mərkəzi

Mərkəzdə həmçinin

Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzində psixoloqlar, loqopedlər və defektoloqlar aşağıdakı sahələrdə xidmət göstərir.

Psixoloqlar

Psixoloji xidmətlər

Aşağıdakı və digər klinik vəziyyətlər üzrə fərdi terapiya və diaqnostika həyata keçirilir:

  • depressiya
  • təşviş pozuntuları
  • davranış problemləri
  • fobiyalar
  • yuxu və qida pozuntuları
  • diqqət əskikliyi və hiperaktivlik sindromu (DƏHS)
  • panik-atak
  • OKP
  • travma sonrası stress pozuntusu
  • cinsi disfunksiyalar
  • mutizm
  • disleksiya

Defektoloqlar

Defektoloji xidmətlər

Aşağıdakı və digər neyrogen inkişaf problemləri üzrə xüsusi tədris və reabilitasiya proqramları təqdim olunur:

  • psixi inkişaf ləngiməsi
  • əqli gerilik
  • autizm spektr pozuntuları
  • serebral iflic
  • mikrosefaliya

Loqopedlər

Loqopedik xidmətlər

Aşağıdakı və digər artikulyasiya pozuntularının korreksiyası üzrə fərdi və qrup terapiyaları təşkil olunur:

  • nitq ləngiməsi
  • kekələmə
  • dislaliya
  • afaziya
  • rinolaliya
  • disartriya

Eşitmə məhdudiyyətli uşaqlarda və koklear implantasiyadan sonra nitqin bərpası xüsusi diqqətlə aparılır.

Mərkəz və komanda haqqında

Hansı xidmətin sizə uyğun olduğunu bilmirsiniz?

Narahat etdiyiniz vəziyyəti qısaca yazın — ilk görüşdə birlikdə aydınlaşdıraq.

Qəbula yazılın

və ya zəng edin:

Qeydiyyat